Bəzi hallarda fındığın ölkə daxilində formalaşan qiyməti ixrac qiymətindən daha yuxarı olur
Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ixracın diverisfikasiyası dövlət siyasətinin əsas prioritetlərindən sayılır. Bu məqsədlə qeyri-neft sektorunun əsas sütunu hesab olunan aqrar sektorda bir sıra islahatlar aparılır, ixrac potensialı yüksək olan məhsulların istehsalının genişləndirilməsi istiqamətində müvafiq addımlar atılır. imizin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir. Qeyd edək ki, Azərbaycana qeyri-neft sektoru üzrə əsas valyuta gətirən məhsullardan biri fındıq hesab olunur. İnsanlar lap qədim dövrlərdən fındıqdan istifadə etməyə başlayıblar.
Ölkəmizdə fındıqçılığın tarixi
Qafqazda fındıq bizim eradan 2-3 min il əvvəl becərilib. VII əsrdən etibarən Azərbaycanda da fındıq yetişdirməyə başlayıblar. X əsrin sonlarından etibarən Şəki-Zaqatala bölgəsində fındıq əsas gəlir mənbələrindən biri sayılırdı. Qafqaz təbii iqlim şəraitinə görə başqa bitkilər kimi fındıq üçündə çox əlverişlidir. Bu şərait nəzərə alınaraq Azərbaycanda böyük ərazilərdə fındıq bağları salınıb, sonralar isə yerli əhali də ən məhsuldar sortları seçərək yetişdirib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan fındıq istehsalı üzrə dünyada ilk beşlikdə yer alan ölkədən biridir. Azərbaycanda ildə təqribən 35 min ton fındıq istehsal olunur ki, bunun da 75,9 faizi Şəki-Zaqatala iqtisadi rayonunun payına düşür. Fındıq istehsal olunan iqtisadi rayonlarda ən çox becərilən sortlara gəlincə, Abşeronda “Yağlı Fındıq”, “Qalib”, “Qızıl fındıq”, Gəncə-Qazax bölgəsində “yağlı fındıq”, “ Qalib”, “Qızıl fındıq”, “Gəncə Fındığı”, Şəki-Zaqatala iqtisadi rayonunda “yağlı fındıq”, “Ata—baba”, “Əşrəfi”, “Qalib”, “Qızıl fındıq”, “çərkəz, kudryavçik,ağ lombard, saçaxlı, azəri, arzu, ataulla, barlı, bomba, qaxfaraş, nəsimi, topqara, pərzivan zərifi, Quba-Xaçmaz bölgəsində yağlı fındıq, qalib, qızıl fındıq və s sortlar becərilir. Bundan başqa, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnistitutunun əməkdaşları tərəfindən seleksiya yolu ilə məhsuldar, quraqlığa, xəstəlik və zərərvericilərə qarşı davamlı “Arzu”, “Barlı”, “Topqara”, “Göbələkli”, “Tala”, “Elbarı”və s. fındıq sortları yaradılıb.
Yeri gəlmişkən,Azərbaycanda qərzəkli meyvəçiliyin gələcək inkişaf perspektivləri nəzərə alınaraq “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə qərzəkli meyvəçiliyin inkişafına dair Dövlət proqramı” layihəsi hazırlanıb. Layihə bu istiqamətlərdə aparılan işlərin daha da gücləndirilməsini və fındıq bitkisinə aid əkin sahəsinin 42 min hektar artırılaraq, 80 min hektara, hər hektardan əldə olunan məhsuldarlığın isə 2-2,5 tona çatdırılmasını nəzərdə tutur. Proqramın həyata keçirilməsi Azərbaycanda fındıq bitkisinə olan daxili təlabatın ödənilməsinə, fındıqçılğın geniş yayıldığı rayonlarda yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, regionların aqrar sənaye potensialının artmasına, idxaldan aslılığın azalmasına, rəqabətin qorunmasına, yeni texnologiyaların tətbiqinə, fındıq ixracının çoxalmasına və bütövlükdə ölkənin iqtisadi potensialının güclənməsinə öz təsirini göstərəcək.
80 min hektara yaxın fındıq bağı
Hazırda ölkəmizdə fındıqçılığın inkişafı və gələcək perspektivləri barədə hafta.az-la fikirlərini bölüşən Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov bildirib ki, bu gün ölkədə mövcud fındıq bağları 79 min 500 hektarı ötüb:

“Hal-hazırda Azərbaycanda 80 min hektara yaxın fındıq bağı salınmışdır. Bunun 40 min hektardan çoxu məhsuldar bağlardır. 2020-ci ilin sentyabr ayında ortalama 45 min ton qabıqlı fındıq tədarük olunub. Emal edildikdən sonra 14 min tondan çoxu ixrac olunub. Bu da ortalama 35-37 min ton qabıqlı fındıq deməkdir. Bu ilin əvvəlindən isə Azərbaycan 1,6 mindən çox fındıq ləpəsi ixrac edib. Pul ekvivalentində ilin əvvəlindən ixrac həcmi 10,35 milyon dollara bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə azdır. 2020-ci ilin birinci yarısında Azərbaycan daha çox Rusiyaya fındıq ləpəsi ixrac etmişdi. İlin sonunda İtaliyaya ixrac kəskin artdı. 2021-ci ildə biz Misir və Pakistana ixraca başlamağı və İtaliyaya ixracı artırmağı planlaşdırırıq".
Ötən il də bazar dəyişməyib
Sədr bildirib ki, ənənəvi bazarlarda Azərbaycanda istehsal olunan fındığa tələbat var: “Bizdə ötən il də bazar dəyişməyib. Ənənəvi olaraq, əsasən Rusiya, İtaliya və Almaniyaya məhsul ixrac etmişik. Eyni zamanda, Çexiya, Pribaltika ölkələri və Gürcüstana da məhsul ixrac olunub. Bizim əsas üstünlük verdiyimiz bazar yenə də Avropadır. Dünyada istehsal olunan fındığın 80 faizi Avropa ölkələrinə, ən çox İtaliya, Almaniyaya ixrac olunur. Bildiyimiz kimi, fındıq daha çox qənnadı məhsullarında, şirniyyatlarda, şokoladlarda istifadə olunur. Bu ölkələrdə həmin məhsullar daha çox istehsal olunduğundan fındığa olan tələbat da yüksəkdir. Ona görə biz əlavə bazarlar axtarışında deyilik. İxracımızı ildən-ilə qismən də olsa, atrırırıq. Yəni, əsas potensial Avropa ölkələridir”.
Assosiasiyanın 70-dən çox üzvü var
Hazırda rəhbərlik etdiyi Assosiasiyanın 70-dən çox üzvünün olduğunu vurğulayan sədr qeyd edib ki, onlar daha çox fermerləri maarifləndirmə işləri ilə məşğuldurlar: “Bizim Assosiasiyanın 70- dən cox sırf istehsalçı və ixracatçı üzvü var. Son iki ildə şimal-qərb və şimal zonasında aktivləşən unlu şeh xəstəliyi ilə mübarizə tədbirlərini gücləndirmişik. Bu göbələk bitkilərin yarapaqlarını zədələyir və una oxşar örtük əmələ gətirir. Örtük yarpağın alt səthində əvvəlcə zəif, sonra isə sıx olur. Xəstəlik bitkilərin birillik budaqlarını daha cox zədələyir. Unlu şeh xəstəliyinə tutulmuş yarpaqlar saralıb quruyur və vaxtsız tökülür. Xəstəliyə tutulmuş bitkilərin yarpaqlarında maddələr mübadiləsi pozulur, bitkinin inkişafı zəifləyir, məhsuldarlığı aşağı düşür və keyfiyyəti pisləşir. Göbələk xəstəliyinə qarşı artıq Assosiasiya tərəfindən texnikalar alınıb. Biz artıq bu ay ağacların yarpaqları ilk açıldıqda intensiv şəkildə bağları dərmanlamağa başlayacağıq. Eyni zamanda, tərəfimizdən hər il fermerlər arasında düzgün budama, aqrotexniki qaydaların aparılması barədə təlimlər keçirilirdi. Əfsuslar olsun ki, pandemiyaya görə, son bir ildə təlimləri təxirə salmışıq”.
Qarabağda fındıq bağlarının salınması prioritet deyil
İşğaldan azad olunmuş ərazilərdə fındıqçılığın inkişafı üçün potensialın mövcud olub-olmadığına gəlincə, İ.Orucov deyib ki, Qarabağ zonasında fındıq bağlarının salınması prioritet deyil: “Əsasən, xəritəyə baxsaq görərik ki, keyfiyyətli fındıq Azərbaycanın şimal və şimal-qərb bölgəsində yetişdirilir. İllik yağıntı, torpağın tərkibində olan maddələr, PH-ın normativləri və s. göstəricilər daha çox bu ərazilərdəki torpaqların fındıq yetişdirilməsi üçün əlverişli olduğunu təsdiqləyir. Ona görə də, fındıq bağlarının salınması üçün prioritet yenə də şimal və şimal-qərb rayonlarıdır”.
Dövlət dəstəyi
Fındıq istehsalçılarına dövlət dəstəyindən də danışan sədr bildirib ki, istehsalçılara dərman və gübrələrin alınması üçün subsidiyalar ayrılır: “İki ildir ki, dövlət tərəfindən gübrə, dərmanların alınması üçün hər hektar üzrə 240 manat dəyərində subsidiya verilir. Amma bu il intensiv bağ salanlara birdəfəlik 4400 manat verilib. Düzdür, bu bir çox sahibkara şamil edilmir. Fərdi sahibkarlar daha çox ənənəvi bağ salınmasını daha prioritet sayırlar. Digər tərəfdən bir məsələni də qeyd edim ki, bazarda mövqeyimizi qorumaq ildən ilə çətinləşir. Ölkə daxilində bu sektorda bir çox insanlar möhtəkirliklə məşğuldur. Yəni, fındıq məhsulunu saxlamaq şərtləri asan olduğu üçün bir çox insanlar fındığı alıb stoklamaqla məşğuldurlar. Bu da aydın məsələdir ki, ölkə daxilində formalaşan qiymətin ixrac qiymətindən bəzi hallarda daha yuxarı olmasına gətirib çıxarır. Nəticədə isə satışlarımızı kəskin şəkildə aşağı salır”.